Fətəlipəyə
Fətəlipəyə — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.
Fətəlipəyə | |
---|---|
39°36′08″ şm. e. 46°34′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Fətəlipəyə kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Fətəli adlı Şəxsə məxsus pəyə (tövlə) yerində salındığı üçün belə adlandırılmışdır. "Fətəlinin pəyəsi, tövləsi" mənasındadır. Kənddə indiyə qədər əsas təsərrüfat heyvandarlıqdır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Fətəlipəyə, Ağanus, Turşsu, Kərəviz, Unannovu və Ərəb kəndlərini özündə birləşdirən Fətəlipəyə kənd icra nümayəndəliyi rayon mərkəzindən 8 km məsafədə yerləşirdi.
1960-cı ilə qədər nümayəndəliyin ərazisində 17 para kənd – Ağanus, Fətəlipəyə, Unannovu, Ərəb, Mehrab, Qubaslı, Palçıqlı, Sarı yal, Məşədi Məmmədlər, Qamışlı, Mehin Kahası, Mahmud bulağı, Kahalar, Turablı, Qışlaq, Xudumlar və Kərəviz kəndləri olmuşdur. Sonradan hökumət qərarına uyğun olaraq bu kəndlərin əksəriyyətindən əhali köçürülərək hal-hazırda nümayəndəliyin tərkibində olan kəndlərdə, Laçın şəhərində, Qarabağda və Bakıda məskunlaşdırılmışdır.
1930-cu illərin kolxoz quruculuğu dövrünə qədər bu kəndlərin inzibati mərkəzi Qışlaq olmuş, əhalisi Bağırbəyli adlanmışdır. Yüzbaşılıq yerləşən bu kənddə yüzbaşı vəzifəsini böyük nüfuz sahibi olan Həmid adlı şəxs icra edərmiş. Bəzi ehtimallara görə, bu kəndlərin əhalisi Nadir şah Əfşarın hakimiyyəti zamanı Cənubi Azərbaycan ərazisindən gələrək burada məskunlaşmışlar. Digər bir ehtimalda isə bu yerlərin adının IX əsrdə Ərəb Xilafətinin Albanlara qarşı apardığı müharibədə öldürülərək burada dəfn edilən bir döyüşçünün adı ilə bağlı olduğu bildirilir. Hovuzun dərəsi və Çiyələkli adlanan ərazilərdə qədim Alban kilsələrinin qalıqları bu gün də qalmaqdadır. Bu faktın özü sübut edir ki, heç vaxt bu ərazilərdə ermənilər yaşamamışlar. Deyilənlərə görə, ərəblər bu torpaqları işğal etdikləri zaman ərəb xilafətinin nümayəndəsi – varlı mömin Xələf adlı şəxs hazırkı Malxələf kəndində məskən salır. Çoxlu mal-dövlət sahibi olduğu üçün hamı ona Mallı Xələf deyərmiş. Mallı Xələfin bir neçə övladı olub. Onlardan ikisini – Məlik və Fətəli adlı oğlanlarını ayırıb, hər birinə çoxlu sayda mal-qara verir. Məlik adlı oğluna hazırkı Məlikpəyə adlanan yerdə, Fətəli adlı oğluna isə indiki Fətəlipəyə kəndi ərazisində mal-qara üçün pəyə (tövlə) tikdirərək orada yerləşdirir. Beləliklə, Məlikpəyə və Fətəlipəyə kəndlərinin bünövrəsi qoyulur, kəndlərin adı belə yaranır. Malxələf kəndi isə Mallı Xələfin öz adı ilə bağlıdır.
1960-cı ilə qədər Qardaşlıq adlanan o zamankı kənd sovetliyi sonradan Fətəlipəyə kənd soveti adlandırılıb. İşğala qədər nümayəndəliyin 2443 ha ərazisi olub ki, onun da 500 ha Qubadlı rayonunun Başarat kəndində Binə adlanan ərazidə idi. Bütövlükdə ərazinin 10%-i əkinə yararlı, 40%-i otlaqlar, 20%-i meşəlik, 30%-i dağlıq idi.
İşğala qədər Ağanus kəndində 1 orta məktəb, 1 kənd mədəniyyət evi, 1 uşaq bağçası, 1 kitabxana, 1 feldşer-mama məntəqəsi, 1 mağaza, Fətəlipəyə kəndində 1 ibtidai məktəb, 1 kitabxana, 1 feldşer-mama məntəqəsi, 1 mağaza, Unannovu kəndində 1 ibtidai məktəb, 1 kitabxana, 1 feldşer-mama məntəqəsi, 1 mağaza, Turşsu kəndində 1 mağaza, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.
Nümayəndəliyin ən böyük kəndi olan Ağanusda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlamış, ilk müəllim isə Türkiyədən gəlmiş Müslüm adlı şəxs olmuşdur. İlk məktəb binası isə 1928-ci ildə inşa edilmiş, yaşlı kənd sakinlərinin dediyinə əsasən, kəndin Ələkbər adlı mütərəqqi fikirli sakini bu binanın tikilib istifadəyə verilməsində böyük rol oynamışdır.
Hər zaman elmə yüksək qiymət verən və onun inkişafına çalışan Ağanus kəndində hələ XIX əsrdə Hacı Molla Şükür kimi şəxsiyyət yetişmişdir. Azərbaycan Sovet Ensiklopediyası tərtib olunan zaman xalqımızın digər ziyalıları ilə yanaşı, Hacı Molla Şükür haqqında da müfəssəl məlumat verilmişdir. Kəndin adının Ağanus adlandırılmasının Dağ Yunusun və ya Ağa Yunus adlı böyük var-dövlət sahibi olan bir şəxsin adı ilə bağlı olduğu bildirilir. 1870-ci illərdə Nəcəfdə dini təhsil alan Hacı Molla Şükür uzun illər Qarabağın axundu olub. Qarabağda və Zəngəzurda böyük nüfuz sahibi olan Hacı Molla Şükür 1921-ci ildə vəfat edib. Ölüm yatağında olarkən bildirib ki, vəfat etdiyim gün bir ağ yağış yağacaq, məni həmin yağışın suyu ilə yuyarsınız. Yaşlı insanların söylədiklərinə görə, kənd sakinləri Hacının vəsiyyətini yerinə yetiriblər. Hacının oğlu Məhərrəmov Məhəmməd uzun müddət Qubadlı qəzasının pristavı işləyib. Nəvəsi Məhərrəmov İsa Abutalıb oğlu isə uzun illər Ağdaş rayon partiya komitəsinin I katibi və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Nəinki Ağanusun, eləcə də digər qonşu kənd sakinlərinin savadlanmasında əvəzsiz rol oynayan məktəb kollektivi hər zaman özünün qabaqcıl məzunları ilə fəxr etmişdir. Bu məktəbin məzunu olmuş Muradxan Mahmud oğlu Cabbarov müasir Azərbaycan tarixində görkəmli partiya işçisi, təcrübəli rayon rəhbəri və xalqımızın ümummilli lideri Heydər Əliyevin silahdaşı kimi tanınmışdır. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, şöhrət ordenli filologiya elmləri doktoru, professor Xasay Mahmud oğlu Cabbarov, tibb elmləri namizədi Vəli Sadıq oğlu Həsənov, tarix elmləri namizədləri Solmaz Səttar qızı Məhərrəmova və Məhəmməd Teymur oğlu Hüseynov da vaxtilə orta təhsillərini bu təhsil ocağında almışlar. Fətəlipəyə kənd nümayəndəliyinə daxil olan kəndlərdən çıxmış Şahlar Xəlilov, Nəriman Əliyev, Aydın Abbasov, Ağayar İsmayılov, Əslixan Məhərrəmov, Vaqif Şükürov, Elbrus Sadıqov və Bahadur Quliyev kimi ağsaqqal ziyalılar bu gün də xeyirdə-şərdə elin-obanın yanındadırlar. Ağanus kəndində dünyaya göz açmış Elçin və Loğman Lətif oğlu Məhərrəmov qardaşları hərbi təyyarəçilər kimi bu gün Vətənə ləyaqətlə xidmət edir, düşmən üzərinə hücuma keçmək üçün Ali Baş Komandanın əmrini gözləyirlər. Birinci Qarabağ müharibəsində nümayəndəliyin 4 nəfər igid övladı öz canını Vətənə qurban verdi. Şahverdiyev İsrafil Şahverdi oğlu Azərbaycanın Milli Qəhrəmanı (Unannovu kənd sakini), Məhərrəmov Təvəkkül Adil oğlu (Ağanus kənd sakini), Cabbarov Kamal Bəbəş oğlu (Fətəlipəyə kənd sakini) və Mərdanov Bəbir (Mehman) Əvəz oğlu (Turşsu kənd sakini).
İşğala qədər nümayəndəliyin ərazisində 4 mağaza, 1 ATS (100 yer-lik), 1 uşaq bağçası fəaliyyət göstərib. Evlər tamamilə qazlaşdırılmış, telefonla təmin edilmiş, həyətlərin böyük əksəriyyətinə su xətləri çəkilmişdir.
Kənd sakinlərinin əsas məşğuliyyəti arıçılıq və maldarlıq idi. İşğala qədər sovxoz təsərrüfatında 2000-ə yaxın arı ailəsi və 600-ə yaxın iribuynuzlu mal-qara saxlanılırdı. Şəxsi təsərrüfatlarda isə 700-ə yaxın iribuynuzlu, 2000-ə yaxın xırda buynuzlu mal-qara var idi. Əkənəklər qəbiristanlığı yaxınlığındakı Ardıc pir, Unannovu ərazisindəki Qaratikan pir və Ərəb kəndindəki Ələm ağacı o əraziləri məcburiyyət qarşısında tərk etmiş insanların bu gün də inam gətirdikləri müqəddəs yerlərdəndir. Bu insanların hər biri Daş bulağın, Soyuq bulağın, Əzədin bulağının, Hovuzun bulağının və mineral su olan Turşsu bulağının suyundan içəcəkləri və Ağdaş, Armudluq, Alı yeri, Xırmanlar, Dəflər, Ağ güney, Tədaran, Göllər, Korbulaq, Böyük yer, Ağanataplar, Kənəyin dağı, Çiyələkli, Kamal yalı, Böyük qumlaq, Kiçik qumlaq adlanan ərazilərdə gəzəcəkləri günə olan inamlarını öz ürəklərində yaşadır və bu inamla da gələcəyə gedirlər.
Əhalisi
Hazırda nümayəndəliyin 131 təsərrüfat və 486 nəfərdən ibarət əhalisinin 12 ailə 53 nəfəri Bərdə, 1 ailə 2 nəfəri Beyləqan, 1 ailə 4 nəfəri Qax, 1 ailə 4 nəfəri Xaçmaz rayonlarında, digər sakinlər isə Bakı və Sum-qayıt şəhərlərində müvəqqəti məskunlaşmışlar. Ağanus kənd orta məktəbi Bərdə şəhərində, Ağanus kənd mədəniyyət evi, 3 kitabxana və 4 feldşer-mama məntəqəsi Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Mənbə
- Pərviz Sevdimalıyev. "Fətəlipəyə kəndi". "Laçın yurdu" jurnalı, № 1 (1), 2011, Bakı, "Elm və təhsil", 2011. səh. 22-23.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Fətəlipəyə". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-155-3.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |