Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası | |
---|---|
Əsası qoyulub | 1930 |
Rektor | Fuad Hacıyev |
Şəhər | Bakı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar.
1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur.
1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.
Məzunlar
1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oqtay Ağayev (voleybolçu) indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov (idmançı), İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov (cüdoçu), 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.Namiq Abdullayev, Zemfira Meftahəddinova, Vüqar Ələkbərovda universitetin məzunlarındandır.70 il ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir.
Tərkibi
Tələbə Gənclər Təşkilatı
ADBTİA Tələbə Gənclər Təşkilatı (TGT) 30 may 2005-ci ildə təsis edilmişdir. Təşkilatın ilk sədri Yusif Babanlı olmuşdur. Təşkilat tələbələrin özlərini idarəetmə orqanı, tələbələrin fərdi və peşəkar inkişafı üçün müxtəlif imkanlar yaradan bir platformadır.
ADBTİA Tələbə Gənclər Təşkilatının üzvləri TGT-nin imkanlarından yararlanaraq özlərini departament rəhbəri, klub rəhbəri, dizayner, müəllim, fotoqraf və s. peşələrdə sınaya bilərlər. ADBTİA Tələbə Gənclər Təşkilatının mütəmadi şəkildə tələbələr arasında idman yarışları, intellektual oyun və debat turnirləri, ekskursiyalar və xeyriyyə aksiyaları, görkəmli idmançılarla görüş və s. tədbirlər həyata keçirir.
TGT-nin nəzdində hazırda 11 maraq klubu fəaliyyət göstərir. Bunlar danışıq klubu (ingilis dilini öyrənmək istəyən tələbələr üçün conversation club), musiqi klubu (ödənişsiz gitara dərsləri təşkil olunur), idman klubu (tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur), kitab klubu (tələbələr arasında kitablara maraq artırmaq üçün müxtəlif tədbirlər təşkil olunur), rəqs klubu (ödənişsiz rəqs dərsləri təşkil olunur), foto və incəsənət klubu (tələbələrin fotoqrafiya bacarıqlarını artırmaq üçün müxtəlif təcrübə sessiyaları təşkil olunur), debat klubu (tələbələrin müxtəlif debat turnir və təlimlərində iştirakı təmin olunur), gənclik klubu (FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə və digər rayonlara səfərlər təşkil olunur), KVN klubu (KVN turnirlərində çıxışlar edir, KVN yarışları keçirir), Fan klub (Akademiyanın idman komandalarına çıxışları zamanı dəstək verir) və Qadınlar klubudur (Akademiyada təhsil alan xanımları öz ətrafında birləşdirir).
Sədrləri
- Yusif Babanlı (2005-2009)
- Hüseyn Məmmədov (2009-2011)
- Vasif Hüseynov (2011-2014)
- Rəsul Kərimov (2014-2016)
- İlkin Həsənov (2016-günümüz)
Rektorlar
- S.Q.Əliyev (1946–1950)
- Ə.C.Babayev (1950–1972)
- V.V.Ananayev (1972–1974)
- R.A.Rəcəbov (1974–1980)
- S.H.Novruzov (1980–1987)
- A.Q.Abıyev (1987–2015)
- F.H.Hacıyev (2015-günümüz)
İstinadlar
- "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib" (Azerbaijani). 23 December 2015. İstifadə tarixi: 19 July 2018.
- http://sport.edu.az/az/student-life/tgt