Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Azərbaycan Respublikasının Milli Məclisi | |
---|---|
VI çağırış | |
Növü | |
Növü | təkpalatalı parlament |
İdarə heyəti | |
Sədri | Sahibə Qafarova, YAP 10 mart 2020 tarixindən |
Sədrin birinci müavini | Əli Hüseynli, YAP 10 mart 2020 tarixindən |
Sədr müavini | Fəzail İbrahimli, VHP 10 mart 2020 tarixindən |
Sədr müavini | Adil Əliyev, Bitərəf 10 mart 2020 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 121 |
Siyasi partiyalar | Hökümət (70) YAP (70) Bitərəf (38) Bitərəf (38) Müxalifət (12) VHP (3) Vakant (5) Vakant (5) |
Seçkilər | |
Sonuncu seçkilər | 9 fevral 2020 |
Məclis zalı | |
Sayt | |
meclis.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Parlament tarixi
İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.[1]
1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.
Keçmiş Ali Sovetdəki "Demokratik" Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.
Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i "demblokçu"lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.
Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.
1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.
Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millətvəkili majoritar (çoxluq) 25 millətvəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.
Milli Məclisin tarixində millətvəkili transferi ilk və son dəfə I çağırış ərzində 1998-ci ildə baş verdi. YAP-ın 5 millətvəkili, bitərəflərdən isə 1 millətvəkili eks-spiker Rəsul Quliyevin yeni sədr seçildiyi Azərbaycan Demokrat Partiyasına keçdi. Beləliklə ADP ana müxalifət statusunu AXCP və AMİP-dən təhvil aldı.
Milli Məclisdə deputatlıq statusuna xitam əsasən yüksək vəzifəyə təyinat və ya vəfat səbəbiylə verilmişdir.İstisna olaraq,II çağırış ərzində isə Hüseyn Abdullayev Fəzail Ağamalı ilə əlbəyaxa dava etdiyi üçün səlahiyyətlərinə xitam verildi. V çağırış ərzində isə Rəfael Cəbrayılov öz istəyi və MSK qərarı ilə deputatlıqdan çıxarılıb.
Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası YAP-ın tələbi ilə Milli Məclis buraxılmış və ilk dəfə növbədənkənar parlament seçkiləri təyin edilmişdir.
İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi YAP və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan-Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olundu. O Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçildi.[2] Həmçinin VI çağırışda Milli Məclis tarixində ilk dəfə YAP-dan fərqli olaraq 1 partiyadan (VHP) komitə sədri, 6 partiyadan (BAXCP, ADMP, BQP, VBP, DİP vəVəhdət Partiyası) komitə sədrinin müavini, 1 partiyadan (AVP) isə komissiya sədr müavini seçildi.
Parlament tarixində ən çox millətvəkili sayına sahib partiya 78 millətvəkili ilə YAP olmuşdur. (II çağırış)
Parlament tarixinin ən çox millətvəkili olan 2-ci partiya, müxalifət partiyası isə 7 millətvəkili ilə AXCP (II çağırış, seçki yolu ilə) və Azərbaycan Demokrat Partiyası (I çağırış, millətvəkili transferi ilə ) olmuşdur.
Rəhbərlik
Rəhbərlik | |||||
---|---|---|---|---|---|
Çağırış | Vəzifəsi | Adı və Soyadı | Səlahiyyət Müddəti | Partiya | |
Milli Şura/Məclis (1991–1995) | Sədr | Elmira Qafarova | Oktyabr 1991-Fevral 1992 | Azərbaycan Kommunist Partiyası | |
Bitərəf | |||||
Yaqub Məmmədov | Fevral 1992-May 1992 | Bitərəf | |||
İsa Qəmbər | May 1992–15 İyun 1993 | Müsavat Partiyası | |||
Heydər Əliyev | 15 iyun 1993–3 oktyabr 1993 | Yeni Azərbaycan Partiyası | |||
Rəsul Quliyev | Noyabr 1993-Noyabr 1995 | ||||
I çağırış | Sədr | Rəsul Quliyev | 1995–1996 | Yeni Azərbaycan Partiyası | |
Murtuz Ələsgərov | 1996–2000 | ||||
Sədrin I müavini | Arif Rəhimzadə | 1995–2000 | |||
Sədr müavini | Yaşar Əliyev | 1995–2000 | |||
II çağırış | Sədr | Murtuz Ələsgərov | 2000–2005 | Yeni Azərbaycan Partiyası | |
Sədrin I müavini | Arif Rəhimzadə | 1995–2005 | |||
Sədr müavini | Ziyafət Əsgərov | 2000–2005 | |||
Sədr müavini | Zakir Zeynalov | 2000–2000 | |||
Gövhər Baxşəliyeva | 2000–2005 | Bitərəf | |||
III, IV , V çağırış | Sədr | Oqtay Əsədov | 2005–2020 | Yeni Azərbaycan Partiyası | |
Sədrin I müavini | Ziyafət Əsgərov | 2005–2020 | |||
Sədr müavini | Bahar Muradova | 2005–2020 | |||
Sədr müavini | Valeh Ələsgərov | 2005–2020 | Bitərəf | ||
VI çağırış | Sədr | Sahibə Qafarova | 10 Mart 2020 | Yeni Azərbaycan Partiyası | |
Sədrin I müavini | Əli Hüseynli | 10 Mart 2020 | |||
Sədr müavini | Fəzail İbrahimli | 10 Mart 2020 | Vətəndaş Həmrəyliyi Partiyası | ||
Sədr müavini | Adil Əliyev | 10 Mart 2020 | Bitərəf |
Çağırışlar
Seçkilər | Çağırış | İllər | Qeyd |
---|---|---|---|
1990 | Azərbaycan SSR Ali Sovetinin XII çağırışı | 1990–1991 | |
Keçid dövrü | Azərbaycan Ali Sovetinin Milli Şurası | 1992–1995 | [a] |
1995–1996 | Azərbaycan Milli Məclisinin I çağırışı | 1995–2000 | |
2000–2001 | Azərbaycan Milli Məclisinin II çağırışı | 2000–2005 | |
2005 | Azərbaycan Milli Məclisinin III çağırışı | 2005–2010 | |
2010 | Azərbaycan Milli Məclisinin IV çağırışı | 2010–2015 | |
2015 | Azərbaycan Milli Məclisinin V çağırışı | 2015–2020 | |
2020 | Azərbaycan Milli Məclisinin VI çağırışı | 2020- | [b] |
Milli Məclisin tərkibi
Milli Məclis 125 deputatdan ibarətdir. Onlardan 4-ü rəhbərlikdə təmsil olunur.
Deputatlardan təşkil olunan 15 daimi komitə və 2 komissiya (İntizam və Hesablayıcı) var.
Milli Məclisin Aparatı rəhbər, 1 müavin, katiblik, 10 şöbə, 23 sektor, işlər müdirinin xidmətindən ibarətdir.
Rəhbərlik
Milli Məclisin rəhbərliyi 4 nəfərdən ibarətdir:
- Sədr (spiker)
- Sədrin birinci müavini (1-ci vitse-spiker)
- 2 sədr müavinindən (vitse-spiker)
Komitələr
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi
Dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına uyğunluğu haqqında rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya məhkəmələri hakimlərinin, habelə Azərbaycan Respublikasının Baş prokurorunun namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər olunması haqqında referendum təyin edilməsi barədə məsələ, habelə Konstitusiya qanunları Azərbaycan Respublikası Milli Məclisinə çıxarıldıqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu haqda rəy verməlidir.[3]
Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi
Dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi:fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi, müdafiə, hərbi qulluq, hərbi xidmətə çağırış, hərbi xidmət keçmə, hərbi qulluqçuların statusu və digər məsələləri, dövlət təhlükəsizliyinin əsasları, onun təmin etmə üsul və vasitələri, dövlət sərhəd rejiminə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqinə, Azərbaycan Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsinə, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsinə dair qərar layihələrinə rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə təhlükəsizlik və müdafiə məsələləri baxımından rəy verir.[4]
İnsan Hüquqları Komitəsi
İnsan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. insan hüquqları və azadlıqlarının təmin olunması və qorunmasına, milli azlıqların statusunun müəyyən edilməsi və hüquqlarının təmin olunmasına, qaçqınların və məcburi köçkünlərin statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayır, Milli Məclisin müzakirəsinə tövsiyə olunan və insan hüquqları və azadlıqlarına toxunan bütün qanun layihəlinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə insan hüquqları və azadlıqlarının təmin edilməsi baxımından rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması barədə məsələlərə baxır və rəy verir; Azərbaycan Respublikasının Hesablama Palatasının sədri, sədr müavini və auditorlarının, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxır və bu barədə rəy verir.[5]
Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsi
Təbiətin mühafizəsi, təbii ehtiyatlar və energetika sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan və enerji resurslarından istifadə, neft, qaz, energetika, su, meşə təsərrüfatı, ovçuluq və balıqçılıq məsələləri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikasının Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə ekoloji təhlükəsizlik baxımından rəy verir.[6]
İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi
Dövlətin maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir. Dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul emissiyası, qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi, vergi siyasəti, rüsum və ödənişlər sahələri, daxili və xarici iqtisadi münasibətlər, mülkiyyət, əmlak münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, birja, sahibkarlıq fəaliyyəti, antiinhisar siyasəti sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir; Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri, sədr müavini və auditorlar vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir; Dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir; dövlət büdcəsinin layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və onlar barəsində rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq baxımından rəy verir.[7]
Aqrar Siyasət Komitəsi
Dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Aqrar sahədə mülkiyyət və sahibkarlıq münasibətlərinin dövlət tənzimləməsi, kəndin təbii potensialı olan torpaq, su, meşə resurslarının, habelə mövcud genofondun mühafizəsi və onun səmərəli istifadəsi, kənddə əhalinin layiqli həyatı və fəaliyyəti üçün müvafiq mühitin yaradılması, aqrar bazarın tənzimlənməsi, aqrar sektorun maliyyələşdirilməsi və buraya xarici investisiyaların cəlb edilməsi, aqrar sahədə kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, istehsal və sosial infrastrukturun inkişafı, yerli, sahə, sahələrarası və regional özünüidarə institutlarının formalaşması və inkişafı, aqrar elminin və təhsilin inkişafına dair qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; torpaq mülkiyyəti ilə və torpaq münasibətləri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində aqrar məsələlərə dair rəy verir.[8]
Əmək və Sosial Siyasət Komitəsi
Dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Sosial inkişaf, əmək, məşğulluq, insanların, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial problemləri, ailə, qadın və uşaq məsələləri, gənclər, bədən tərbiyəsi və idman, turizm, səhiyyə, sanitariya, sosial təminat və sığorta sahələri üzrə, sağlamlığın mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasına aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində sosial müdafiə məsələlərinə dair rəy verir.[9]
Səhiyyə Komitəsi
Səhiyyə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji salamatlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə ilə bağlı məsələlərə dair rəy verir.[10]
İctimai Birliklər və Dini Qurumlar Komitəsi
İctimai birliklər və dini qurumlarla bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini qurumların, o cümlədən dini mərkəz və idarələrin, dini təhsil müəssisələrinin və dini icmaların statusu, təşkili və fəaliyyətinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ictimai birliklərlə və dini qurumlarla bağlı məsələlərə dair rəy verir.[11]
Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi
Ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ailə, qadın və uşaq məsələlərinə dair rəy verir.[12]
Gənclər və İdman Komitəsi
Gənclər və idman sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Gənclər vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin təhsil, sosial və məişət problemləri, gənclər evləri və mərkəzləri, gənclərin asudə vaxtının təşkili, gənclər və idman təşkilatları, idmanın təşviqi və təbliği, bədən tərbiyəsi, milli idman növlərinın təşviqi və mühafizəsi, idman kompleksləri və qurğuları, idman klubları, idman mərc oyunları, idmanda dopinqə qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində gənclər və idman məsələlərinə dair rəy verir.[13]
Elm və Təhsil Komitəsi
Elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Elm, texnika, təhsil, peşə hazırlığı, ixtiraçılıq və patent hüququ, informatika və informasiyanın mühafizəsi sahələrinə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; dil, din, kütləvi informasiya sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində elm və təhsil sahələrinə aid məsələlərə dair rəy verir.[14]
Mədəniyyət Komitəsi
Mədəniyyət və mədəni sərvətlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Mədəniyyət, o cümlədən dil, ədəbiyyat, incəsənət, muzey, teatr, kino, dizayn, memarlıq, şəhərsalma, kitabxanaçılıq, arxiv işi, habelə mədəni sərvətlərin mühafizəsi sahələrinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; dil, din, kütləvi informasiya sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində mədəniyyət məsələlərinə dair rəy verir.[15]
Regional Məsələlər Komitəsi
Yerli özünüidarə orqanları ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. İnzibati ərazi quruluşu, yerli özünüidarə orqanlarının seçkiləri, statusu, işinin təşkili məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf proqramları, yerli iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini bu sahələr üzrə başqa aparıcı daimi komissiyalarla birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir; bələdiyyə orqanlarının işinin təşkilinə və təkmilləşdirilməsinə, bələdiyyə işçilərinin ixtisasının artırılmasına kömək göstərmək məqsədi ilə metodik tövsiyələr hazırlayır və dərc etdirir.[16]
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi
Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Xarici siyasətə, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsinin qaydalarına, repatriasiyaya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusuna aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi, habelə dövlətlərarası beynəlxalq müqavilələrin təsdiq və ləğv edilməsi məsələlərinə baxır və bu barədə rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir; Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarla, xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir; Azərbaycan Respublikası Milli Məclisinin xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarına, habelə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələrinə metodik yardım göstərir: Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının qoşulduğu və ya təsdiq etdiyi beynəlxalq sənədlərə uyğunluğu barədə rəy verir.[17]
İntizam komissiyası
Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir.
Hesablayıcı komissiyası
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış parlamentin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır.
Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.
Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından bir il müddətinə yeddi üzvdən ibarət tərkibdə seçilir.
Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
Fəaliyyəti
Qərar | Yetərsay |
---|---|
Referendum | 83 |
Prezident Seçkiləri | |
Parlament Seçkiləri | |
Deputatların statusu | |
Milli Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili) | |
Milli Məclisin iclaslarının qapalı keçirilməsi | |
Bələdiyyə seçkiləri | 63 |
Milli Məclisin sədr və sədr müavinləri seçimi | |
Milli Məclisin komitələrinə sədr, müavin və üzv seçimi | |
Millətvəkili toxunulmazlığına xitam verilməsi | |
Millətvəkillik səlahiyyətinin itirilməsi | |
Hesablama Palatasına sədr, müavin və auditor təyini | |
Dövlət təltifi | |
Ərazi quruluşu və dövlət sərhədləri | |
Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi | |
Dövlət büdcəsinin təsdiqi və nəzarəti | |
Ombudsman seçilməsi | |
Hərbi doktrina təsdiqi | |
Prezident fərmanının təsdiqi | |
Baş nazir təyinatına razılıq | |
AR Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəmələri hakimlərinin təyini | |
Baş Prokurorun vəzifəyə təyinatı və ya vəzifədən azad edilməsinə razılıq | |
Prezidentin impicmenti | |
Hakimlərin vəzifədən kənarlaşdırılması | |
Nazirlər Kabinetinə etimad | |
Mərkəzi Bank İdarə Heyətinə üzv təyini və ya vəzifədən azad edilməsi | |
Müharibə elanı və ya Sülh bağlanması | |
Amnistiya | |
Fövqəladə vəziyyət elanı və ya ləğvi | |
Milli Məclisdə akt qəbulu | |
Növbədənkənar İclas | 42 |
Fraksiya yaratmaq | 25 |
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr" (azərb.). oxu.az. 1 may 2018. İstifadə tarixi: 9 iyun 2021.
- ↑ https://meclis.gov.az/imagemanager/images/stenogram/10.03.2020.pdf
- ↑ "Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi" (azərb.). meclis.gov.az. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi
- ↑ "Milli Məclisin İnsan Hüquaları Komitəsi". İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Milli Məclisin Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi
- ↑ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi
- ↑ Milli Məclisin Aqrar Siyasət Komitəsi
- ↑ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi
- ↑ Milli Məclisin Səhiyyə Komitəsi
- ↑ Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi
- ↑ Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi
- ↑ Milli Məclisin Gənclər və İdman Komitəsi
- ↑ Milli Məclisin Elm və Təhsil Komitəsi
- ↑ Milli Məclisin Mədəniyyət Komitəsi
- ↑ Milli Məclisin Regional Məsələlər Komitəsi
- ↑ Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi
Qeydlər
- ↑ Azərbaycan SSR Ali Sovetinin XII çağırışının 50 üzvündən təşkil olundu.
- ↑ İlk dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.
Həmçinin bax
Xarici keçidlər
