Anabadgədik dağı — Kəngərli və Babək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında yerləşir. Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahilində, Çalxanqala kəndindən 3 km şimal-şərqdədir. Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəng daşlarından təşkil olunmuş qayalıqdan ibarətdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının tağ hissəsində yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması boyu Üst Triasın dolomitləri Alt Yuranın vulkanogenləri (Nehrəm lay dəstəsi) və Üst Tabaşirin terrigen-karbonat süxurları (Kotam lay dəstəsi) ilə tektonik təmasdadır. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri izlənilir.