Aleksandr Bakulev
Aleksandr Bakulev (tam adı: Aleksandr Nikolayeviç Bakulev; d. 7 dekabr 1890; Rusiya imperiyası, Vyatka quberniyası, Nevenikov kəndi; ö. 31 mart, 1967, Moskva) – rus cərrahı, SSRİ-də döş cərrahlığının banilərindən biri. SSRİ Elmlər Akademiyasının akademiki (1958), Tibb Elmlər Akademiyasının akademiki (1948) və prezidenti (1953-60).
Aleksandr Bakulev | |
---|---|
rus. Александр Николаевич Бакулев | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Vyatka quberniyası, Nevenikov kəndi |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | SSRİ, Moskva |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | rus |
Atası | Nikolayeviç Bakulev |
Elm sahəsi | Ürək-damar cərrahiyyəsi |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
İş yeri | İkinci Moskva Tibb İnstitutu |
Təhsili | Saratov Universiteti Tibb fakültəsi (1918) |
Üzvlüyü |
|
Mükafatları | Sosialist əməyi qəhrəmanı (1960), SSRİ Dövlət mükafatı (1949) və Lenin mükafatı (1957) laureatı. |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Aleksandr Bakulev 1890-cı il dekabrın 7-də Vyatka quberniyasının Nevenikov kəndində anadan olmuşdur. 1918-ci ildə Saratov Universitetinin Tibb fakültəsini bitirmiş, S.İ. Spasokukotskinin tələbəsi olmuşdur.
Fəaliyyəti
Bakulev 1943-cü ildən ömrünün sonunadək İkinci Moskva Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri olmuşdur. 1956-cı ildən özünün yaratdığı Döş Cərrahlığı İnstitutuna (indiki Rusiya Tibb Elmlər Akademiyasının A.N. Bakulev adına Ürək-Damar Cərrahlığı Elmi Mərkəzi) başçılıq etmişdir. Əsas işləri mədə-bağırsaq yolu cərrahlığı, neyrocərrahlıq, urologiya, ağciyər və ürək-damar cərrahlığı məsələlərinə həsr edilmişdir. Qida borusunun plastikası üsulunu (Bakulev üsulu), baş beynin ödemi zamanı araxnoidal boşluğa piltə qoyulması üsulunu (1935) təklif etmişdir;
Beyin abseslərinin müalicə üsulunu, mədə kənar edildikdən sonra qida borusu və nazik bağırsağın birləşdirilməsi qaydasını (Gertsen – Bakulev qaydası), 1940-cı ildə nazik bağırsaqla onikibarmaq bağırsağın ilgəkşəkilli anastomozunun yaradılması qaydasını (Bakulev – Delbe qaydası) işləyib hazırlamışdır. 1948-ci ildə SSRİ-də ilk dəfə olaraq botal axacağın bağlanması əməliyyatını yerinə yetirmiş, 1952-ci ildə ürək qüsuru – mitral dəliyin stenozu zamanı mitral komissurotomiyanı uğurla həyata keçirmişdir; kəskin miokard infarktı olan xəstələrin əməliyyatını təklif etmişdir. Perikard boşluğuna dərman yeritmək üçün inyeksiya iynəsi (Bakulev iynəsi) ixtira etmişdir.
Əsərləri
- Пневмонэктомия и лобэктомия. M., 1949 (А.V. Gerasimova ilə birlikdə);
- Хирургическое лечение болезней сердца и магистральных сосудов. М., 1952;
- Врождённые пороки сердца. M., 1955 (Y.N. Meşalkin ilə birlikdə);
- Хирургическое лечение опухолей и кист средостения. M., 1967 (R.S. Kolesnikova ilə birlikdə).
Həmçinin bax
Xarici keçidlər
- БАКУЛЕВ, АЛЕКСАНДР НИКОЛАЕВИЧ
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 94. ISBN 978-9952-441-07-9.