IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir.Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir.Orta və subalp qurşaqlarında quru qayalı yerlərdə rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
Diabar, Lənkəranın dağlıq hissəsi.
Sayı və tendensiyası
Hal-hazırda populyasiyanın Hirkan Milli Parkında qorunmasına və sabitliyinə baxmayaraq antropogen təsirlər azalma tendensiyasını yarada bilər.
Məhdudlaşdırıcı amillər
Dekorativ əhəmiyyətinə gör əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.
Mühafizə tədbirləri
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.
İstinadlar
↑ Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013