Mərzili kəndi və mərzililər (kitab)
Mərzili kəndi və mərzililər — Ənvər Çingizoğlunun və jurnalist Asif Mərzilinin Mərzili obası haqqında yazdığı kitab.
Mərzili kəndi və mərzililər | |
---|---|
Müəllif(lər) | Ənvər Çingizoğlu Asif Mərzili |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2009 |
Nəşriyyat | Adiloğlu |
Səhifə | 224 |
Kitab haqqında
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və jurnalist Asif Mərzilinin işıq üzü görmüş "Mərzili kəndi və mərzililər" adlı kitabı Azərbaycan xalqının etnogenezində, maarifində və mədəniyyətində önəmli rol oynayan Mərzili obasının və oba camaatının yaşam tərzindən bəhs edir.
XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, onun bir köşəsi olan Mərzilidə baş verən önəmli olaylar, həyat salnamələri bəlgələrin bəlirtisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb.
Qarabağın bağrında taxıl dolu mərəkləri, təknə dolu çörəkləri ilə ünlü olan bir oba var: Mərzili. Mərdlikləri, düşmənə sərtlikləri ilə tanınıblar. Həmişə ağ süfrə açıb, ağ çörək yeyiblər. Bir əlləri balda olub, bir əlləri yağda. Yedikləri qaymaq olub, gəzdikləri yaylaq. Yaylaqda yaylayıb, qışlaqda qışlayıblar. Yayda isti görməyiblər, qışda soyuq. Soyuq bulaqların üstündə alaçıq qurub, Allah yolunda qurban kəsiblər… Mərzili obasında ədalət həmişə öndə olub. El ağsaqqalları qoymayıblar ki, haqqın mizanı əyilə. Kasıbın danası dövlətlinin tayasına baxmayıb. Mərzilidə ağartı həmişə bərəkət rəmzi sayılıb. Heyvandarlıq bu obanın sevimli peşəsi olub. Dördayaqlıya kəc baxmayıblar ki, ac qalarlar.
Qapısından qonaq ayağı kəsilməyən Mərzili camaatının bu gün məskunlaşdığı köçkün düşərgələrində də könülləri zəngin, gözləri toxdur. Qocaları bilikli, cavanları biləklidir. Bu biləkli oğullar bir gün düşmən üstünə gedəcəklər. Həmin gün uzaqda deyil… Ancaq Ağdam rayonundakı bu Mərzili kəndinin tarixi ilə bağlı mətbuatda ziddiyətli fikirlərlə rastlaşırıq. Bunu nəzərə alıb təzəcə çapdan çıxan "Mərzili kəndi və mərzililər" kitabından Mərzili obasının tarixi ilə bağlı bəzi məqamları təqdim edirik: "…Qiyasəddin Qeybullayev yazır: "Qarabağda XIX yüzildən Mərzili tayfası yaşayır. öz adını yəqin ki, Mərəzə kəndindən (Şamaxı rayonu, hazırda rayon mərkəzi — müəlliflər) alıb. Ona görə ki, Mərzili tayfası öncə Şirvanda yaşayırdı, Mustafa xanın rəiyyəti idi. Ordan xana tabe olan Arazqırağı torpaqlara köçürüldülər. Mərzililər I Mərzili, Mərzili-İsmayıl bəy (İsmayılbəyli), Mərzili-Cəfərquluağalı və başqa obalarda yaşayırdılar. 1845-ci ildə onların bir hissəsi (19 ailə) hələ də yarımköçəri həyat tərzi keçirib, Uuluşıxlı, Yelifli, Danayerli, Qurdçullu və Sofulu tirələrindən ibarət idi. XIX yüzilin sonunda bizim çöl axtarışlarımıza görə, Mərzili Şirvanlı, Papaqçı, Hacıimanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər, Daşdəmirlilər tirələrinə ayrılırdılar". (Bax: Q.Qeybullaev, Toponimiya Azerbaydcana, Baku, 1986, st.74). İ.L.Seqalın məlumatlarına dirsəklənib fikir bildirən müəllifin qənaətlərində yanlışlıqlar var. Mərzili obasının Mərəzə kəndi ilə heç cür bağlılığı yoxdur. Arazqırağı torpaqlara köçürülən obanın adı Məzrəli idi ki, hazırda elə bu adla da İmişli rayonunda qərar tutur. Başqa müəlliflərin yazılarında da mərzililərin Şirvandan gəlməsi, çarın bu obanı general-leytenant V.Q.Madatova bağışlaması haqqında bilgi var. Madatovun ölən günə qədər əlində olan kənd və obaların siyahısını veririk: çanaqçı, Sıqnaq, Keşişkənd, Suruşen, Cəmiyyət, Quzumkənd, çartaz-Güney, çartaz-Quzey, Tağ kəndləri, Qacar, Qaradəmirçi, Qılıclı, Sərkar-Dərgahqulubəyli, Ağalı obaları. Madatovun Mərzili adlı obası yoxdur. Ona görə ki, mərzililər hələ XVIII yüzildən Qarabağda yaşayırdılar və İbrahimxəlil xan Sarıcalı-Cavanşirin böyük oğulları Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya bağlı idilər. Məhəmmədhəsən ağa öz obasını iki yerə bölüb, oğulları Cəfərqulu xana və Böyük xana payladı. Mehdiqulu ağa isə xan olandan sonra sevimli bəylərindən İsmayıl bəy Murad bəy oğluna bağışladı. Mərzili obası xanlıq dönəmində İkinci Kəbirli mahalına bağlı idi. Qarabağ xanlığına qatılan 25 mahaldan biri də İkinci Kəbirli idi.Tarixi ədəbiyyatda bəzən bu mahal Aşağı Kəbirli də adlanırdı. İbrahimxəlil xanın hakimiyyəti dönəmində mahal ərazisi iki yerə bölünmüşdü. Xan Birinci Kəbirli mahalını dayısı nəticəsi (dayısının törəməsi) Məhəmmədəli bəy Fərzəli bəy oğluna, İkinci Kəbirli mahalını dayısı nəvəsinə, Mirzalı bəy Hacı Hüseynəli bəy oğluna vermişdi. Mehdiqulu xanın, sonra rus-üsul idarəsi dönəmində də Mirzalı bəy mahala başçılıq etdi. Ruslardan kapitan rütbəsi də aldı. 1841-ci ildə vəfat edəndən sonra naiblik oğlu Əli bəyə qaldı. Kavaler Əli bəy də vəfatına qədər, 1848-ci ilədək dədə-baba yurdunu idarə etdi. İkinci Kəbirli mahalına daxil olan obalardan dördü Mərzili adlanırdı. Biri Şirvana köçdü. Kəbirli mahalında üçü qaldı. üç obadan birincisi Birinci Mərzili, ikincisi Mərzili-Cəfərquluağalı, üçüncüsü isə Mərzili-İsmayılbəyli idi. Mərzili obalarından birini İbrahimxəlil xan 1795-ci ildə Ağaməhəmməd xan Qovanlı-Qacarın hücumunu eşidib, Şirvanlı Mustafa xanın yanına göndərdi. Göndərilən obalar haqqında tarixçi Mirzə Camal bəy yazır: "(Buna görə İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi. Siyahi və dəftərdə adları qeyd olunmuş yerdə qalan elləri və qoşunu Qarabağ dağlarında və qala içərisində yerləşdirib, Qarabağ elləri və mahallarında çoxlu piyada və atlı topladı; qalanı qorumaq üçün lazım olan bütün vəsaiti, böyük və kiçik topları qurdurub, şahla müharibəyə hazırlaşdı" (Bax: Qarabağnamələr. 1-ci kitab. Bakı, "Yazıçı", 1989, səh. 122–123.). Şirvana göndərilən obalar: Mərzili, Veysəlli, Qaraxanlı, Qaravəlili, Lələ-Əhmədli, Kolanı, Təklə, Kəngərli-Pirhəsənli və başqaları idilər. Mustafa xan Şirvana göndərilən Mərzili və başqa obaları Xançobanlı mahalında yerləşdirdi. Mərzili-Qarabağlı adlanan bu oba 40 tüstüdən ibarət idi. Mərzili-İsmayılbəyli obası öncə Nökər-Mərzili adlanırdı. 1806-cı ilədək Mehdiqulu ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə bağlı idi. Mehdiqulu ağa taxta əyləşib, xan olandan sonra bu obanı sevimli bəylərindən olan İsmayıl bəy Murad bəy oğluna bağışladı. Sonra bu oba İsmayılbəyli adlandı. Mərzili-Cəfərquluağalı əvvəlcə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə tabe idi. Məhəmmədhəsən ağa sonra bu obanı oğulları Cəfərqulu ağa və Böyük xan arasında bölüşdürdü. Böyük xanın rəiyyətləri Birinci Mərzili obasında köç-düşlə məşğul olurdu. Cəfərqulu xanınkı isə ayrıca oba halında dövran keçirirdi. Birinci Mərzili obası isə divan, xəzinə mülkü idi. 1823-cü ildə I Mərzili obasında dövlətə vergi ödəyən 24 tüstü, ödəməyənlər-kəndxuda Bəndəli bəy 1 tüstü, onun rəncbəri 3 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, kasıblar 4 tüstü, yetimlər 2 tüstü yaşam sürürdü. Toplam 37 tüstü. I Mərzili obasından Şuşa şəhərində üç nəfər yaşayırdı. Məşədi Məmmədəli, Məşədi Sərhədəli, Bədəl çarvadar. 1823-cü ildə Böyük xan Sarıcalı-Cavanşirin Mərzili obasındakı rəiyyətləri — ödəyən 6 tüstü, ödəməyən yüzbaşı Məmmədəli 1 tüstü, nökər 2 tüstü, kasıblar 2 tüstü. Toplam 11 tüstü. 1827-ci ildə I Mərzili obasında dövlətə vergi ödəyən 32 tüstü, vergidən azad 3 tüstü, rəncbər 3 tüstü qərar tuturdu. Toplam 38 tüstü. 1844-cü ildə I Mərzili obasında dövlətə vergi ödəyən 77, mülkədar Bəndəli bəy Adıgözəl bəy oğlu Mərziliyə rəncbərlik edən 3 tüstü və mülkədar Böyük xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə aid olan 9 tüstü yaşam sürürdü. Toplam 89 tüstü. 1849-cu ildə I Mərzili obasında dövlətə vergi ödəyən 103 tüstü, mülkədar Qazı Mirzə Əbülqasım bəy Qazı Mirzə Əli bəy oğlu Kəbirliyə bağlı 2 tüstü, mülkədar Əhməd bəy Məcnun bəy oğlu Mərziliyə aid 7 tüstü, mülkədar Böyük xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə bağlı 19 tüstü, dövlətə vergi ödəməyən 6 tüstü bəy ailəsi, 1 tüstü ruhani ailəsi güzəran keçirirdi. Toplam 138 tüstü. 1863-cü ildə I Mərzili obasında dövlətə vergi ödəməyən 6 bəy ailəsi, 2 ruhani ailəsi qeydə alınıb. 1865-ci ildə I Mərzili obasında dövlətə vergi ödəyən 151 tüstü dövran keçirirdi. 1886-cı ildə I Mərzili obasında dövlətə vergi ödəyən 199 tüstü yaşayırdı…"
Kitabda arxiv materiallarından bolluca istifadə edilməklə Mərzili kəndinin demoqrafik mənzərəsi yaradılıb. Qeyd edək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İstinadlar
- Bax: Şirvan əyalətinin statistik təsviri, 1820-ci ildə general-mayor Madatov və həqiqi stats-müşavir Mogilyevski tərəfindən tərtib olunub. Tiflis, 1867
- Bax: Opisanie Karabaxskoy provinüii, sostavlennoe v 1823 qodu, po rasporəjeniö qlavnokomanduöheqo v Qruzii Ermolova, deystvitelğnım statskim sovetnikom Moqilevskim i polkovnikom Ermolovım 2-m. Tiflis, 1866