Dərman bitkiləri
Dərman bitkiləri
Dərman bitkiləri
Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil edir.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90 faiz təşkil edir.
Respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil edir.
Dərman bitkilərindən istifadə olunma tarixi
"Min dərd varsa, min bir də dərmanı var" deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Dərman bitkilərinin öyrənilməsi və onlardan istifadə olunması ən qədim dövrdən - ibtidai icma dövründən başlayır. İbtidai insanlar öz həyatlarını qorumaq və baş verən xəstəlikləri aradan qaldırmaq üçün müxtəlif bitkilərdən dərman vasitəsi kimi geniş istifadə etməyə çalışmışlar.
Yazı meydana çıxanadək dərman bitkiləri haqqında məlumatlar nəsildən nəsilə şifahi şəkildə keçmişdir. Yazı icad olduqdan sonra isə dərman bitkiləri haqqında çoxlu kitablar və külliyyatlar yazılmış və bu sahədə olan məlumatlar sabit və müntəzəm bir şəkil almağa başlamışdır.
Qədim tarixə malik Çin təbabətində dərman bitkilərindən geniş istifadə olunmuşdur. Mənbələrə görə eramızdan 3 min il əvvəl Çində 230-dək dərman bitkilərindən, 65 heyvan mənşəli və 43 mineral mənşəli dərman maddəsindən istifadə olunurmuş.
E.ə. 460-377-ci illərdə yaşamış Hippokratın "Kompus Hyppokraticum" adlı külliyyatı dərman bitkiləri haqqında məlumatları tibb elminin inkişafinda mühüm rol oynamış və bu əsər eramızın XVIII əsrinə qədər öz əhəmiyyətini itirməmişdir.
Naxçıvanda dərman bitkiləri
Naxçıvanın əlverişli relyef şəraiti, özünəməxsus torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyü formalaşdırmışdır. Ərazidə 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin yayıldığı məlum olmuşdur. Bu, Azərbaycan florası növlərinin 65,8%-ni təşkil edir. Ərazidə 27 faydalı bitki qrupları: yem, bal verən, qida, aşı maddəli, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, lifli, dərman, efir yağlı, qlükozidli, alkaloidli, vitaminli, kosmetik və sair faydalı bitki qrupları mövcuddur. Hazırda ərazi florasında 750-800-ə qədər elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri vardır. Onlardan 150-i müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil edilmiş rəsmi dərman bitkiləridir. Regionda geniş yayılmış, sənaye əhəmiyyətli, təbii ehtiyatı bol olan dərman bitkiləri çoxdur. Onlara adi boymadərən, təpəlik kəklikotu, adi dazıotu, adi qaraqınıq, qatlı solmazçiçək, aptek gücotu, hündür andız, hündür qantəpər, quş qızılcığı, ürək damotu, tarla qatırquyruğu, dərman şahtərəsi, gürcü boyaqotu, adi üzərrik, yarpaqsız öldürgən, çöl nanəsi və sair daxildir. Azərbaycan dərman bitkiləri ilə zəngin bir ölkədir. Bunlara andız, gülümbahar, zəfəranı misal göstərmək olar.
Mənbə
- Əli Abdullayev. Bitkilərin müalicəvi və toksinoloji əhəmiyyəti. Möcüzəli bitkilər. Bakı, 2009,
Xarici keçidlər
- Dərman otları