Azərbaycan Atletika Federasiyası
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 5 ay əvvəl C Mirəli2001 tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Azərbaycan Atletika Federasiyası AAF | |
---|---|
Yaranma tarixi | 1923 |
Qeydiyyat tarixi | 1992 |
Mərkəzi | |
Sədr | Çingiz Hüseynzadə |
Üzvləri | Fırat Hüseynov |
af-aze.org |
Asiyadan Avropaya keçid
Atletika – bir idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin hərəkətverici qüvvəsini təşkil edir. Azərbaycanda atletikanın müəyyən ənənələri də var. Hələ keçmiş SSRİ yığmasının tərkibində ilk olimpiya medallarımızdan birini məhz atletimiz Yuri Konovalov qazanıb. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə qaçış üzrə gümüş medala layiq görülüb. Atletika üzrə Avropa və dünya rekordçularımız da olub. Lakin 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslərlə əlaqədar bu idman növü Azərbaycanda böyük tənəzzülə uğrayıb. Həmin illərdə bir çox mütəxəssislər Azərbaycanı tərk edib, idmançılar ümumiyyətlə idmandan ayrılıblar. Ölkəmiz müstəqillik qazandıqdan sonra – 1992-ci ildə AAF təsis olunub. Maraqlıdır ki, federasiya təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1990-cı illərin əvvəllərində yüngül atletika Avropada çox güclü inkişaf etdiyi halda, Asiyada təzə-təzə inkişafa başlayırdı. Demək olar ki, Asiyada Yaponiyadan başqa heç bir ölkədə atletika irəliləyişə nail olmamışdı. Bu halda Azərbaycan atletlərinin Asiyada nəyəsə nail olmaq imkanları daha çox idi. Görünür, elə buna görə də AAF-ın o vaxtkı rəhbərliyi Asiya Atletika Federasiyasına üzv olmağı daha münasib sayıb. Həmin vaxtlar böyüklərdən ibarət atletlərimiz olmasa da, yeniyetmələrin yarışında Asiyada müəyyən müvəffəqiyyətlər qazanılmışdı. Məsələn, 1997-ci ildə Sergey Boçkov yeniyetmələr arasında Asiya birinciliyində bürünc medal əldə etmişdi. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə federasiyamızın EAA-ya üzvlüyü reallaşıb. Çingiz Hüseynzadə EAA-ya üzvlüyün vacibliyini belə əsaslandırır: "Asiya üzvlüyündə qalmaq düzgün deyildi. Azərbaycan dövləti Avropa siyasi ittifaqlarının, Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvüdür. Bu halda AAF Asiyada qala bilməz. Çox qəribədir ki, Asiyadan Avropaya keçid prosesi də çox uzun müddət tələb edirdi. Asiya Atletika Federasiyası bizi buraxmaq istəmirdi, indiyədək də öz tədbirlərinə dəvət edir".
Seçkidən sonra ... seçki
AAF-ın rəhbər orqanlarına seçkilər 4 ildə bir dəfə keçirilir. Çingiz Hüseynzadə artıq 4-cü müddətdir ki, bu federasiyanın prezidenti seçilir. Son dövrlər AAF-ın hesabat-seçki konfransı MOK-un analoji toplantısından sonra baş tutur. 1996, 2000 və 2004-cü illərdə federasiya prezidenti seçildikdən sonra Hüseynzadənin məhz bu il keçirilən növbəti konfransda yenə eyni vəzifədə qalmasına səs verilib.
Azərbaycanda da atletika kraliçadırmı?
Atletika beynəlxalq miqyasda çox böyük nüfuza malikdir. Hətta 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının proqramında 302 dəst medaldan 47-si atletika növündə idi. Dünyada atletikanı idmanın kraliçası adlandırırlar. Bu, istənilən fiziki idman növlərinin əsasında atletikanın dayanması ilə əlaqədardır. Eyni zamanda, idmançılara atlet də deyirlər. Atletika sözü ingilis və rus dillərində qadın cinsində işlənilir. Buna görə də atletikaya idmanın kralı yox, məhz kraliçası deyirlər. Bəs görəsən, Azərbaycanda atletikanı idmanın kraliçası kimi təsəvvür etmək mümkündürmü? Çingiz Hüseynzadənin fikrincə, nəticələrinə və kütləviliyinə görə, Azərbaycanda atletika kraliça səviyyəsində deyil: "Digər tərəfdən, Azərbaycanda bədən tərbiyəsi və idmana həvəs göstərənlərin 99 faizi atletika növlərindən olan qaçışla məşğul olurlar. Səhər tezdən bulvara çıxsanız, görərsiniz ki, insanlar qaçırlar. Axşamlar isə qaçmağa utandıqlarından, idman yerişi ilə hərəkət edirlər. Bu baxımdan, atletika Azərbaycanda da idmanın kraliçasıdır. Atletikanın olimpiya və qeyri-olimpiya növləri var. İAAF-ın son konqresində hətta kross qaçışlarının Qış Olimpiya Oyunlarının proqramına salınması barədə məsələ qaldırılıb. Doğrudan da dağ kross qaçışları əsasən qış vaxtı keçirilir. Bu və ya digər cəhətlərinə görə, atletika çox rəngarəng və əhalinin ən çox hissəsini əhatə edən idman növüdür. Məhz bu səbəbdən, atletikanın kraliça adlanmağa tam hüququ var. Əlbəttə, atletika Azərbaycanda da kraliçadır. Ola bilməz ki, dünyada kraliça sayılsın, Azərbaycanda yox".
Ramil Quliyev + efiopiyalı legionerlər
Atletikanın digər növlərdən fərqi onun dövri idman növlərinə aid olmasındadır. Bir-iki ilə yüksək səviyyəli idmançı hazırlamaq mümkün deyil. Hər hansı beynəlxalq səviyyəli idmançının hazırlanması üçün 8-10 il vaxt tələb olunur. Burada hər hansı insanın istədiyi qədər qaçması, uzununa və ya hündürlüyə tullanması qeyri-mümkündür. Atletikada rəqibə yox, zamana və məsafəyə qalib gəlməlisən. Məsələn, qaçış zamanı idmançılar bir-biriləri ilə yox, zamanla mübarizə aparırlar. Buna görə də atlet hazırlanması prosesi çox uzun və çətindir. Burada populyarlıq məsələsi də öz sözünü deyir. Müxtəlif ölkələrdə hər bir idman növünün öz məşhurluq dərəcəsi var. Azərbaycanda atletika güləş, boks kimi populyar deyil. Bunu da tarixi uğurlarla bağlamaq olar. Digər tərəfdən, atletika böyük stadionlar tələb edir. Güləş və ya boks yarışlarını isə kiçik zallarda da təşkil etmək mümkündür. Müstəqillik illərində uzun müddət atletikada elə də yüksək nəticələrimiz olmayıb. Yalnız son iki-üç ildə beynəlxalq yarışlardan atletlərimizin qələbə soraqları gəlməyə başlayıb. Qısa məsafələrə qaçışda Ramil Quliyevin göstərdiyi uğurlara bu ildən Efiopiyadan dəvət olunaraq, milliləşdirilmiş atletlərin uzun məsafələrə qaçışda göstərdikləri nailiyyətlər də əlavə olunub. Özü də bu atletlər artıq azərbaycanlı soyadları qəbul ediblər. Çingiz Hüseynzadənin sözlərinə görə, bu, efiopiyalıların ölkəmizə gələndən sonra azərbaycanlılarla ailə qurmasından sonra mümkün olub.
"Əsas məqsədimiz kütləviliyi artırmaqdır"
AAF prezidenti əvvəllər legionerlərin cəlb olunmasına o qədər də müsbət yanaşmırdı. Bu baxımdan, efiopiyalı atletlərin Azərbaycanda peyda olması haradasa, sürpriz kimi də qəbul oluna bilər. Ç.Hüseynzadə sonradan fikirlərini dəyişmələrini belə əsaslandırır: "Ənənəvi olaraq, Azərbaycanın qısa məsafələrə qaçış üzrə güclü idmançıları olub. Amma Azərbaycanda uzun məsafələrə qaçışda heç vaxt güclü atletlərimiz olmayıb. Qarşımıza uzun məsafəyə qaçış üzrə də idmançılar hazırlamaq məqsədi qoymuşduq. Əvvəlki ölkə çempionatları göstərdi ki, çox az insan uzun məsafələrə qaçışla məşğul olur. Baxmayaraq ki, iqlim baxımından Azərbaycan uzun məsafəyə qaçanların çox olduğu Mərakeş, Əlcəzair kimi isti və dağlıq ərazidə yerləşir. Coğrafi şərait baxımından, uzun məsafəyə qaçanlarımız olmalı idi. Lakin gənc nəsil uzun məsafəyə qaçışla məşğul olmur. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən afrikalı atlet 5000 və 10000 metr məsafələrə qaçışda gümüş medal qazandı. Biz də çox düşündük və belə nəticəyə gəldik ki, hər hansı idman növünü inkişaf etdirmək, insanları cəlb etmək üçün canlanma yaratmaq lazımdır. Beləliklə, legionerlər dəvət etməyə qərar verdik. Bu zaman yalnız yeniyetmələrin xidmətlərindən yararlanmaq istədik. Yəni, yeniyetmə atletlər ölkəmizdə hazırlıq keçməli, ölkədaxili yarışlarda da qüvvələrini sınamalı idilər. Onlar burada məşqlərə başladıqdan sonra bir neçə uzun məsafəyə qaçan yerli atletlərimizin nəticələri yüksəldi. Halbuki legionerlər gələnədək yerli atletlər rəqabət görmürdülər. Legionerlər gətirməklə medallar qazanmaq məqsədi güdsək də, əsas məqsədimiz kütləviliyi artırmaqdır. Sabah legionerlər dünya çempionatlarında, olimpiadalarda medal qazandıqdan sonra yerlilər də daha çox həvəs göstərəcək, axın edəcəklər. Bu, bütün idman növlərində belədir. Vaxtilə Azərbaycanda futbol da yaxşı inkişaf etmişdi. Çünki gəlmə oyunçular nə isə yaradıb getdilər. Türkiyə futbolunun inkişafı George Hacının "Qalatasaray"da oynaması ilə baş verdi. Hacı gəldi, ondan sonra bütün türk futbolu yüksəldi. İdmanda nümunə çox böyük amildir".
Ramil Quliyevin uğurları
Ramil Quliyev isə Bakıda anadan olub, cəmi 19 yaşı var. O, 10 yaşından atletika ilə məşğul olur. 14 yaşında ikən Quliyev Rusiyanın paytaxtı Moskvada yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. Artıq 17 yaşında olarkən, Ramil Avropa Yeniyetmələrinin Olimpiya Festivalında I yeri tutub, dünya çempionatında gümüş medal qazanıb. O, 18 yaşından etibarən bütün gücünü yaşlılar arasında yarışlara hazırlığa sərf etməyə başlayıb. Artıq bu il Tələbələrin Yay Universiadasında və gənclər arasında Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medala sahib olub, böyüklər arasında dünya çempionatında isə finala çıxıb. Finalda 8 atlet arasında 7-ci olsa da, avropalı sprinterlərdən ən yüksək nəticə ona məxsus olub. Çingiz Hüseynzadə deyir ki, Ramil Quliyevin bu nailiyyətləri tamaşaçı üçün gözlənilməz idisə, federasiya və məşqçilər heyəti tərəfindən heç də qeyri-adi hadisə kimi qarşılanmayıb. Çünki o, 10 yaşından etibarən diqqəti üzərinə cəmləməyi bacarıb. Hər bir atletin öz mövsümü, öz dövrü var. Ramil Quliyev artıq 2009-cu il yarışlarını başa vurub. İndi onun qış mövsümünə hazırlıq dövrü gedir. Gələn ilin yanvarından etibarən Ramil beynəlxalq turnirlərdə çıxışlarını bərpa edəcək. Onu çox məsul yarışlar – Avropa çempionatı, qitələrarası Dünya Kuboku gözləyir. AAF prezidenti Quliyevin qısa məsafələrə qaçışda Avropa qitəsini təmsil edəcəyinə və uğurlu nəticələr göstərəcəyinə tam əmindir. Hazırda aparıcı atletimizə müxtəlif ölkələrdən təkliflər var. Beləliklə Quliyev müsahibələrində bu təkliflərə müsbət reaksiyasını bildirib. O, Türkiyə cümhuriyyətinin təklifini qəbul edərək Türkiyə Atletika Federasiyasını üstün tutub.
Ölkə çempionatına tamaşaçı marağını necə artırmaq olar?
Atletika üzrə nüfuzlu yarışları izləyərkən, stadionun tribunalarının tam dolduğunu görürük. Elə avqustda Almaniyanın paytaxtı Berlində keçirilən dünya çempionatında məşhur atletlərə tamaşaçı marağının xeyli yüksək olduğuna yamaykalı sprinter Useyn Boltun timsalında hamı şahidlik etdi. Amma Azərbaycanda bu il keçirilən ölkə çempionatında, demək olar ki, tamaşaçı yox idi. Atletika böyük stadionlar tələb edir. Güləş və ya boks turnirlərini kiçik zallarda da təşkil etmək mümkün olsa da, atletika yarışları böyük stadionlarda keçirildiyi üçün hələlik o arenalara gəlmək ənənəsi formalaşmayıb. Bununla belə, AAF prezidenti inanır ki, Azərbaycanda beynəlxalq yarış keçirilsə, azarkeşlər stadiona gələcəklər və yavaş-yavaş bu ənənə Azərbaycanda də formalaşacaq. Çünki artıq Azərbaycanda da dünya səviyyəli atletlər meydana çıxmaqdadır: "İstənilən növdə azarkeşlər məhz konkret idmançıya görə zallara və ya stadionlara axışırlar. İştirakçılar arasında tanınmışlar olsa, tamaşaçı da çox olur. Azərbaycanda yay çempionatı keçirəndə çalışırıq ki, atletikanın olimpiya proqramına daxil olan bütün növlərini əhatə edək. Lakin müxtəlif dövrlərdə müxtəlif şərait yaranır. Atletikada o qədər də böyük kütləvilik yoxdur. Bəzən elə olur ki, hər hansı növ, ümumiyyətlə, fəaliyyət göstərmir. Məsələn, son ölkə çempionatında atletikanın idman yerişində yarış keçirmədik. Baxmayaraq ki, bir neçə il öncə bu növ inkişaf etmişdi, idmançılarımız vardı, hətta 1997-ci ildə Yunanıstanda keçirilmiş dünya çempionatında Aida İsayeva 10 km məsafəyə yerişdə çıxış etmişdi. Çəkicatma üzrə yarışları da bəzən reallaşdıra bilmirik. Bu da xüsusi çəkicatma sektorunun olmaması ilə əlaqədardır. Yəni, hər hansı texniki çətinliklə əlaqədar müvafiq növ üzrə yarışları keçirə bilmirik. Amma ümumilikdə, qaçış üzrə bütün məsafələrə – 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr, 5000 metr, 1000 metr məsafələrə, 100 metr və 400 metr məsafələrə maneələri dəf etməklə, estafet qaçışlarını, hündürlüyə və uzununa, şüvüllə, 3 təkanla tullanma növlərini əhatə edirik. Ümumilikdə, qadın və kişilər arasında hər birində 20 növ olmaqla, yarışlar keçiririk".
O günlər çox uzaqda deyil...
Atletika digər idman növləri kimi deyil ki, kiçik zalda hansısa beynəlxalq yarış keçirəsən. Tofiq Bəhramov adına Respublika stadionunda təmir işləri cəmi 2 aydır ki, başa çatıb. Hələlik orada atletika üçün avadanlıqlar quraşdırılmayıb. Düzdür, həmin avadanlıqları alınıb və Bakıya gətirilib. Amma onlar tədricən quraşdırılacaqlar. Hələ stadionda çəkic atmaq, hündürlüyə tullanmaq, şüvüllə hündürlüyə tullanmaq, nizə atmaq üçün sektorlar yoxdur. Stadionda bunların hamısı quraşdırılmalıdır ki, hansısa beynəlxalq yarış keçirmək də mümkün olsun. Çünki atletika yarışlarını, məsələn, təkcə qaçış üzrə keçirmək olmaz, bu zaman digər növlərə də yer ayrılmalıdır. Bunların hamısı gələcəkdə nəzərdə tutulub. Gələn il üçün müəyyən beynəlxalq yarışlar keçiriləcək. Artıq onlar beynəlxalq təqvim planına da salınıb. Amma böyük turnirlərin keçirilməsi üçün bir sıra beynəlxalq tələblər həllini tapmalıdır. AAF prezidenti bu tələblərin yaxın illərdə yerinə yetiriləcəyinə inandığını bildirir: "Builki dünya çempionatında təkcə medianın quraşdırdığı texnikanı burada tətbiq etmək hələlik mümkün deyil. Stadionun hər iki tərəfi ilə ildırım sürəti ilə gedən, meydançanın düz ortasınadək uzanan kameralar, tablolar, saniyənin yüzdə birini ölçən cihazlar lazımdır. Bunlar ağır məsələlərdir. Amma yavaş-yavaş həllini tapacaqlar. O günlər çox uzaqda deyil".
Mənbə
- "Kraliça" Azərbaycanda 2009-10-29 at the Wayback Machine